"Elektron İpoteka Portalı"nın tətbiqi ilə bağlı Azərbaycan İpoteka Fondunun məlumatı / 29.01.2015
Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu  ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi və istehlakçıların hüquqlarının qorunması məqsədilə informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması üçün ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.

      Qeyd edək ki, Azərbaycan İpoteka Fondu "Elektron İpoteka Sistemi"nin (EİS)  tətbiqini uğurla başa catdırmış və sistem ipoteka bazar iştirakçılarının istifadəsinə verilmişdir. Sistemin tətbiqi ipoteka bazar iştirakçılarına - Müvəkkil Kredit Təşkilatlarına (MKT),  Sığorta  və Qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn),  həyata keçirilməsinə imkan verir. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir.

      Bununla yanaşı, 02 fevral 2015-ci il tarixdən etibarən  EİS  sisteminin davamı olan "Elektron İpoteka Portalı" real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcəkdir. Belə ki, bundan   sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs  birbaşa olaraq   internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə  www.e-ipoteka.az  daxil  olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir. Eyni zamanda ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs  müvəkkil kredit təşkilatlarının  ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq  müraciətini  təsdiqləməlidir.

      İpoteka kreditləri üzrə müraciətlərin real vaxt rejimində (onlayn), aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə  geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına və eləcə də  Fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcəkdir.

      Sistemlə bağlı sual yarandıqda  Azərbaycan İpoteka Fonduna ( 012  598 20 08)  müraciət etmək olar.


DAXİL Ol