Mətbuat xidmətinin məlumatı / 18.02.2016

Məlum olduğu kimi, Azərbaycan İpoteka Fondu ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.

Fond "Elektron İpoteka Sistemi"ni (EİS) müvəffəqiyyətlə tətbiq etmiş və artıq bir neçə ildir ki, istifadəyə vermişdir. İpoteka bazar iştirakçıları - Müvəkkil Kredit Təşkilatları,  Sığorta  və Qiymətləndirici şirkətlərlə bütün texniki prosedurlar real vaxt rejimində həyata keçirilir.

Eyni zamanda EİS əhalinin ipoteka kreditləri üzrə Müvəkkil Kredit Təşkilatlarına müraciətlərini tam avtomatlaşdırıb. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətli rəsmiləşdirilməsinə, şəffaflığın artırılmasına, növbəliliyin təmin olunmasına, vaxtın səmərəli istifadəsinə və işin daha da yüksək səviyyədə aparılmasına xidmət edir.

"Elektron İpoteka Sistemi"nin Mərkəzi Bankın vergi, rüsum, icarə haqqı və digər kütləvi ödənişlərinin toplanılması üçün yaradılmış “Hökümət Ödəniş Portalı”na (www.gpp.az) inteqrasiya olunması nəticəsində ipoteka kreditlərinin aylıq ödənişləri 1 ildən artıqdır ki, real vaxt rejimində (onlayn) aparılır.

Layihənin funksional davamı olaraq 2-ci faza çərçivəsində ipoteka kreditləri üzrə sığorta ödənişlərinin real vaxt rejimində (onlayn) həyata kecirilməsi uğurla başa çatdırılmışdır. Sistem hər bir ipoteka ödəyicisinə əmlak və həyat sığorta ödənişlərini birbaşa “Hökümət Ödəniş Portalı”nda aparılmasına imkan yaradır. Həmçinin sistem borcalana sığorta ödənişlərini hissə-hissə və ya illik həyata keçirmək seçimini təklif edir. Eyni zamanda borcalanın sığorta öhdəliklərinin vaxtı keçdiyi təqdirdə sistem ilkin olaraq məhz sığorta ödənişlərinin aparılmasını tələb edəcək. Yalnız sığorta ödənişi aparıldıqdan sonra  borcalan aylıq  ödənişini həyata kecirə biləcək.

İpoteka kreditləri üzrə sığorta ödənişlərinin “Hökümət Ödəniş Portalı”vasitəsi ilə aparılmasına 01 mart  2016-cı il tarixindən etibarən start veriləcək.

Fondun tətbiq etdiyi "Elektron İpoteka Sistemi"  borcalanlar tərəfindən əmlak və həyat sığorta ödənişlərinin vaxtında aparılmasına zəmin yaradacaq.

 

Layihə və ödənişlər üzrə sual yarandıqda  Fonda  ( 012  598 20 08) müraciət etmək olar.


DAXİL Ol